Birləşmiş Millətlər Təşkilatının
Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə həyata keçirdiyi “Məcburi
köçkün icmalarında gender əsaslı zorakılığının qarşısının alınması və cavab tədbirləri”
adlı layihə çərçivəsində Gəncə şəhər ərazisində məcburi köçkünlər üçün salınmış
600 ailəlik qəsəbədə yerləşən Kosalar kənd Mədəniyyət evində məcburi köçkünün
iştirakı ilə təlimlər keçirilmişdir. Ümumiyyətlə, layihə
çərçivəsində 600 nəfərə yaxın məcburi köçkün iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan layihə koordinatoru Lyudmila
Xəlilova layihənin məqsədi və məişət zorakılığının qarşısının alınması sahəsində
həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında geniş məruzə ilə
çıxış etdi. Eyni zamanda məişət zorakılığı və onun növləri,
zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada məsuliyyət daşıdığını iştirakçıların nəzərinə çatdırmışdır. O çıxışında
bildirdi ki, tədbirin məcburi köçkün ailələrində keçirildiyi təsadüf deyildir. Ermənistan tərəfindən Azərbaycan
torpaqlarının işğalı nəticəsində 1 milyona yaxın soydaşımız təcavüz və
zorakılığın qurbanına çevrilərək öz evlərindən qovulmuş, yaxın qohumlarını
itirmişlər. Bu insanlar arasında minlərlə qadın və uşaq var ki, onlar
zorakılığın ən ağır növlərini yaşayıblar.
Tədbirdə çıxış edən təlimçi Südabə
Məmmədova məişət münasibətlərində baş verən zorakılıq hallarının hər bir insanı
narahat etməli olduğunu və tədbirdə iştirak edən şəxslərin mövzu ilə bağlı əldə
etdikləri məlumatları öz tanışları ilə bölüşmələri əhali arasında məişət
zorakılığı hallarının qarşısının alınmasında mübarizə ruhunun güclənməsinə öz
müsbət təsirini göstərəcəyini qeyd etdi.
Tədbir iştirakçıları öz fikirlərini paylaşaraq,
Azərbaycan ailəsinin müqəddəsliyini, qadınlara hər zaman böyük dəyər
verildiyini vurğuladılar. Doğma torpaqlarımızın erməni quldurları tərəfindən
işğal olunması məcburi köçkün düşmüş vətəndaşlara zorakılıq halının ən qəddar
nümunəsi olduğunu bildirən tədbir iştirakçıları bu zorakılığın hələ də davam
etdiyini qeyd etdilər. Beynəlxalq təşkilatlar bu haqsızlıqları aradan qaldırmaq
üçün öz işlərini düzgün icra etmirlər, Ermənistan beynəlxalq təşkilatlar
qarşısında götürdükləri öhdəlikləri yerinə
yetirmir, “BMT
Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qoşunlarının Azərbaycan
ərazilərindən
çıxarılmasına dair dörd qətnamə çıxarıb və onlardan heç biri icra olunmayıb.
Tədbir iştirakçıları arasında məişət
zorakılığı ilə bağlı mövcud problemlərin və onların qarşısının alınması
üçün təkliflərin müəyyənləşdirməsi məqsədilə sorğu keçirildi. İştirakçılar xalqımızın adət-ənənələrində
qadına yüksək dəyər verildiyini vurğulayaraq, bu dəyərlərin qorunub
saxlanmasının vacibliyini və zorakılıq halları ilə mübarizədə maarifləndirici təlimlərin
keçirilməsinin təqdirə layiq hal olduğunu qeyd etdilər.
Tədbirin sonunda iştirakçılara mövzuya
uyğun kitabçalar paylanıldı.
Tədbir işğal olunmuş doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yekunlaşdı.
Qalib BƏYMƏMMƏDOĞLU